Posted by admin
03 oktyabr 2022, Stokholm.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin İdarə heyətinin üzvləri layihə planına uyğun olaraq, "Ağılll şəhər" / "Ağıllı kənd" konsepsiyasının Skandinaviya modeli ilə bağlı araşdırma aparmaq məqsədilə İsveç Krallığına ezam olunmuşlar.
Heyət üzvləri ilk olaraq dünyanın ən qabaqcıl telekommunikasiya şirkətlərindən biri olan “Ericsson”un Stokholmda yerləşən Baş ofisində şirkətin Süni İntellekt üzrə Araşdırma Mərkəzinin direktoru cənab Yörgen Qustafssonla (Jörgen Gustafsson) görüş keçirmişdir.
Şirkət rəsmisinə Azərbaycanda "Ağıllı şəhər/kənd" quruculuğu sahəsində atılan addımlar, xüsusən, mövcud qabaqcıl təcrübə olaraq Zəngilan rayonunun Ağalı kəndi barədə məlumat verilmişdir.
Öz növbəsində Yörgen Qustafsson isə "Ağıllı şəhər/kənd" quruculuğunda tətbiq olunan müasir texnologiyalar ilə əlaqədar aparılan tədqiqatlar və bu sahədə uğurla tətbiq edilən mövcud araşdırma metodologiyaları barəsində çıxış etmişdir.
Həmçinin, Şuşa şəhəri nümunəsində "Əşyaların interneti" (Internet of Things) vasitəsilə şəhər daxilindəki müxtəlif infrastruktur elementlərinin bir-biri ilə əlaqəli işləyə biləcəyi "Ağıllı şəhər" və real infrastrukturun virtual təsviri olan "Rəqəmsal əkizlər" ("Digital twins") modellərinin tətbiqi imkanları müzakirə edimişdir.
Vətəndaşların müasir texnologiyalardan rahat istifadə edə biləcəyi "Ağıllı şəhər/kəndlər"in formalaşmasında və vətəndaşlar üçün əlçatanlığın təmin olunmasında özəl müəssisələrin rolu və dövlət-özəl sektor tərəfdaşlığı sahəsində beynəlxalq təcrübə də əsas müzakirə mövzularından olmuşdur.
Qeyd edək ki, heyət üzvlərinin İsveç Krallığındakı aidiyyəti şirkət və qurumlarla görüşləri davam edir.
Tag :