Posted by admin
25 sentyabr 2022, Şuşa.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyi layihə çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə görüş keçirmişdir.
Görüş zamanı Dövlət Qoruğunun İdarə Heyətinin sədrinin müavini Tural Novruzov tərəfindən Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Şuşada gedən sürətli bərpa-quruculuq işlərinin əhəmiyyəti vurğulanmış, bu işlərin effektiv icrasında müasir texnologiyaların rolu barədə müzakirələr aparılmışdır.
Daha sonra Dünya Bankının “Azərbaycanda “Ağıllı kəndlər”: Təhlil və Yol xəritəsi üçün konsepsiya” hesabatı və mövcud beynəlxalq praktikalar müzakirə olunmuşdur. Tətbiq olunacaq texnologiyaların Şuşanın zəngin tarixi-mədəni irsi, eləcə də sakinlərin müvafiq sahə üzrə savadlılığının artırılması, idarəetmədə tətbiq olunması nəzərdə tutulan innovativ metodların vətəndaşlar üçün izahı və asan mənimsənilməsini təmin etmək məqsədilə bütün maraqlı tərəflərlə (aidiyyəti qurumlar, Şuşa sakinləri və s.) sorğuların keçirilməsinin, müsahibələrin aparılmasının vacibliyi vurğulanmışdır. Keçiriləcək sorğu və müsahibələrin məzmununun, eləcə də əhatə dairəsinin müəyyənləşdirilməsi istiqamətində məsləhətləşmələr aparılmışdır.
Əlavə olaraq, İctimai Birliyin sədri Seymur Həsənov, sakinlərin rəqəmsal bilik və bacarıqlarının müəyyənləşdirilməsi və artırılması sahəsində İctimai Birliyin görə biləcəyi işlər və əməkdaşlıq imkanları barədə çıxış etmişdir.
Qeyd edək ki, layihə çərçivəsində aidiyyəti qurumlarla görüşlər davam etdirilir.
Tag :