Posted by admin
10 iyul 2017-ci il Bakı. Beynəlxalq Mətbuat Mərkəzində Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar İctimai Birliyi tərəfindən “Sosial mediada milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova, təşkilat sədrləri, layihə fəalları və mətbuat işçiləri iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Bəhruz Qaraməmmədov İctimai Birliyin tarixi barədə məlumat verdikdən sonra sözügedən layihənin məqsədi ətrafında çıxış edib. O bildirib ki, Azərbaycan gəncləri xalqın milli-mənəvi dəyərlərinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün öz səylərini, mübarizəsini efir, mətbuat, xarici telekanallar vasitəsilə əsirgəmirlər: “Zəngin milli poeziyamızın, musiqi xəzinəmizin qorunmasında nəinki gənclərimiz, mədəniyyət xadimləri də fəal iştirak edirlər. Hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün səy göstərmək olmalıdır. Hər bir mövzu öz aktuallığı ilə seçilir, məhz milli-mədəni dəyərlər mövzusunda da təbliğat vacibdir. Bu təbliğat geniş şəkildə aparılsa, vətəndaşlarda tarixi yaddaş daha da güclənər. Tədris müəssisələrində, bir çox intellektual səviyyəli tədbirlərdə, televiziya verilişlərində peşəkar, tanınmış incəsənət xadimləri ilə görüşlərə böyük mənəvi ehtiyac var. Kütləvi informasiya vasitələrində buna xüsusi diqqət yetirilməlidir. Çünki çox zaman qeyri-peşəkar insanların incəsənət sahəsindəki fəaliyyətinə geniş yer ayrılır. Bu isə tamaşaçılarda estetik zövqün formalaşmasına, mənəviyyatın zənginləşməsinə mane olur”.
B. Qaraməmmədov əlavə edib ki, milli-mənəvi dəyərlərimizin oğurlanmsının qarşısı həm də hüquqi yolla alına bilər: “Bunun üçün Avropa Məhkəməsinə və ya digər aidiyyəti qurumlara müraciətlər olunur. Azərbaycanın milli dəyərləri layiqincə dünyaya çatdırıldıqca beynəlxalq müstəvidə bir çox ciddi nailiyyətlər əldə edilir”.
Daha sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu hazırkı dövrdə informasiya hər şeyi həll edir deyərək bildirib ki, bu gün informasiya cəmiyyəti özünəməxsus bir hakimiyyət formalaşdırır: “Ən son baş vermiş hadisə informasiyanın sosial mediada tutduğu mövqeni açıq şəkildə ortaya qoydu. 4 iyul tarixində Zəhra balanın ermənilər tərəfindən amansızlıqla qətlini xüsusən gənclərimiz müəyyən statuslarla, başlıqlarla müxtəlif dillərə tərcümə edərək sosial şəbəkələrdə paylaşımlar etdilər. Bu çox vacib və doğru addımlar idi. Bunun sayəsində səfirliklər, qonşu dövlətlər məsələyə biganə qalmadı və öz mövqelərini ortaya qoydular. Və nəticədə 3 gün sonra ATƏT-in Minsk qrupu həmsədrləri verdikləri ilkin bəyanata düzəliş etdilər. Düzdür, bu bizi tam qane etməsə də, amma hər halda əvvəlkindən qat-qat fərqləndi”.
Prezident Administrasiyasının məsul əməkdaşı Gülsel Səfərova çıxış edərək qeyd edib ki, bu layihə yerinə düşmüş və zamanında icra edilən bir layihədir: “Bu mövzu çox genişdir və Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Azərbaycan hökuməti istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, istər ATƏT-in Minsk qrupu ilə bağlı, istərsə də son baş verən Alxanlı faciəsilə bağlı kifayət qədər mediada, həmçinin sosial şəbəkələrdə öz mövqeyini bildiribdir. Bundan əlavə, Azərbaycan vətəndaşı, ölkə gəncləri xüsusi fəallıq nümayiş etdirərək bu cür tədbirlərə qoşulurlar. Artıq gənclərimiz sosial mediadan beynəlxalq auditoriyaya çıxış edib öz fikirlərini bildirirlər”.
Tədbir Etika Akademiyasının direktoru Günel İbrahimovanın və digər iştirakçıların çıxışları ilə sona çatıb. Onlar çıxış edərək layihə ətrafında müzkirələrini davam etdiriblər.
Tag :