XX əsrin II yarısı üçün dünyaya və onun gələcək inkişaf perspektivlərinə baxış sahəsindəki ən mühüm yeniliklərdən biri dayanıqlı inkişafın təmin olunması barədə ilkin mülahizələrin formalaşmasından ibarətdir. Belə ki, dünya əhalisinin sayının mövcud resurslara qeyri- münasib nisbətdə artması, II dünya müharibəsi sonrası yaranmış iqtisadi böhran, həmçinin iqtisadi və sosial təsirlərlə bir qədər də şiddətlənən ekoloji problemlər dünya ictimaiyyətini bəşəriyyətin gələcəyi ilə bağlı daha da qayğılandırmağa başladı.
Bu qayğıların ilkin ifadəsi 1987-ci ildə Norveçin baş naziri Qro Harlem Brundtlandın rəhbərliyi ilə Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya tərəfindən çap edilmiş “Bizim ümumi gələcəyimiz” (“Brundtland Hesabatı”) nəşrində yer almışdır. İlk dəfə bu sənəddə Dayanıqlı İnkişafın bu gün də istifadə olunan açıqlaması verilmişdir. Dayanıqlı İnkişaf dedikdə “gələcək nəsillərin öz ehtiyaclarını ödəmə imkanlarına xələl yetirmədən bəşəriyyətin bu günkü ehtiyaclarını ödəməsi” başa düşülməlidir.
1992-ci ildə Braziliyanın Rio-de-Janeyro, 2002-ci ildə isə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərlərində keçirilən Dayanıqlı İnkişaf Sammitləri bu anlayışın təkmilləşməsinə və dünya ölkələri tərəfindən daha aydın qavranılmasına gətirərək, 2012-ci ildə Rio-de-Janeyroda təşkil olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Konfransında Dayanıqlı İnkişaf Məqsədləri (DİM) anlayışının ortaya çıxmasına zəmin yaratmışdır. Qeyd edilən sammit və konfranslarda müzakirə olunan məsələlər və qəbul olunan sənədlərin məntiqi yekunu olaraq, 2015-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi və Gündəliyin tərkib hissəsi olaraq Dayanıqlı İnkişaf Məqsədləri qəbul edilmişdir. 193 dünya dövləti tərəfindən qəbul edilən, 17 Məqsəd, 169 Hədəf və 232 İndikatoru əhatə edən DİM, əsas etibarilə, ətraf mühitin qorunduğu dünyada insanların rifah halında, sülh şəraitində və bərabərhüquqlu şəkildə yaşamalarını nəzərdə tutur.
Qeyd edilən DİM-ə nail olunması nə qədər çətin görünsə də, sevindirici haldır ki, bu
istiqamətdə dünya dövlətləri, şirkətlər, qeyri-hökumət təşkilatları, həmçinin sıravi şəxslər
birgə fəaliyyət göstərmək istiqamətində ilkin mütərəqqi addımlar atmaqdadırlar. Eyni zamanda bir neçə DİM-i əhatə edən təkrar emal bu qəbildən olan addımlardan hesab
edilə bilər. İstifadə potensialı olan məhsul və tullantıların təkrar emal vasitəsilə yeni
məhsula çevrilməsi əlavə xammal və enerji istifadəsinin qarşısını alır, tullantıların
azaldılması isə hava və su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edir.
Təkrar emal materialların toplanması, çeşidlənməsi, emal məntəqəsinə çatdırılması, emalı və yeni məhsulun hazırlanması proseslərini özündə ehtiva edir.
Təkrar emal ənənəsinin ilkin elementlərini qeyri-rəsmi olaraq, II Dünya müharibəsi sonrası rezin çəkmələrin, metal qutuların, mətbəx yağlarının təkrar emalında görə bilərik. Daha sonra isə ABŞ-da Ətraf mühitin müdafiəsi ilə məşğul olan təşkilatlar təkrar emal sahəsinə yeni nəfəs gətirmişdir. 22 aprel 1970-ci ildə amerikan environmentalistləri tərəfindən qeyd edilən Ümumdünya Yer Kürəsi Günü ətraf mühitin mühafizəsi, eləcə də təkrar emal sənayesinin formalaşması üçün ilkin siqnallardan oldu.
ABŞ-da ilk dəfə Nyu-Cersi şəhər bələdiyyəsinin üzvü Don Sanderson tullantıların çeşidlənərək təkrar emal üçün şirkətlərə satılması ilə bağlı kampaniyaya başladı. Başlanğıcda bu təşəbbüs əhali tərəfindən müsbət qarşılanmasa da, aparılan maarifləndirmə işləri nəticəsində növbəti 3 ay ərzində Nyu-Cersidə tullantıların 85%-i çeşidlənərək təkrar emal üçün göndərildi. Tullantıların enerjiyə çevrilməsi, şüşə və kağızların marketlərdə yerləşdirilən xüsusi qutulara atılaraq əvəzində pul (ödəniş qəbzi) əldə edilməsi kimi təşviqedici strategiyalar müasir dövrdə təkrar emal sənayesinin inkişafına gətirib çıxarmışdır.
Təkrar emal sənayesinin inkişaf etdirilməsi və nəticədə iqtisadi, sosial və ətraf mühit dayanıqlılığına müsbət təsirin təmin olunmasın ən effektiv addımlardan biri də sözügedən sahədə innovasiyaların tətbiqidir. Tullantıların innovativ üsullarla çeşidlənməsi, səmərəli şəkildə emal məntəqəsinə çatdırılması, enerji almaq məqsədilə yandırılması və ya yeni məhsula çevrilməsi bu cür texnoloji tərəqqi nümunələrindəndir. Təkrar emalın ilkin mərhələsi olan yerində çeşidlənmədən son məhsulun əldə olunmasına qədər bütün prosesləri ümumi qiymətləndirsək, təkrar emal sənayesinin müsbət təsir etdiyi DİM-i aşağıdakı formada xarakterizə edə bilərik:
DİM 7 - Sərfəli və təmiz enerji
Təkrar emal təbiətdə olan xammalın çıxarılması, emalı və istehsalına olan ehtiyacı
azaltmaqla enerjiyə qənaət etməyə imkan yaradır ki, bu da öz növbəsində istixana qazı
emissiyasını azaltmaqla iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirir.
DİM 9 - Sənaye, innovasiya və infrastruktur
Təkrar emal sənayesinin inkişafı bu sahədə tətbiq olunan texnologiyaların
təkmilləşdirilməsində, tullantıların idarə olunması ilə bağlı innovasiyaların tətbiqində və
infrastukturun gücləndirilməsində mühüm rol oynayır.
DİM 11 - Dayanıqlı şəhərlər və icmalar
Təkrar emal, həmçinin tullantıların azaldılması yolu ilə təbii ehtiyatların mühafizəsi və
ekoloji təmizliyin qorunmasına xidmət edir ki, bu da öz növbəsində şəhərlərin
dayanıqlılığını artıraraq əhalinin rifah halının yaxşılaşdırılmasına töhfə verir.
DİM 12 - Məsuliyyətli istehsal və istehlak
Təkrar emal, material və resursları mümkün qədər uzun müddət istifadədə saxlamağı
hədəfləyən dövri iqtisadiyyatın əsas komponentlərindəndir. Tullantıları azaltmaq və
resurslara qənaət etməklə təkrar emal, dayanıqlı istehsal və istehlak nümunələrinin
təşviqinə kömək edir.
DİM 13 (İqlim dəyişikliyinə qarşı mübarizə), 14 (Dəniz ekosisteminin mühafizəsi), 15
(Torpaq ekosisteminin mühafizəsi)
Plastik tullantıların dəniz ekosisteminə, radioaktiv tullantıların Yerin torpaq örtüyünə,
ümumilikdə isə tullantıların effektiv idarə olunmamasının ekoloji tarazlığa mənfi təsirlərini
nəzərə alsaq, təkrar emalın qeyd olunan məqsədlərə (DİM 13, 14, 15) mühüm töhfəsini
görə bilərik.
Təkrar emalın DİM-ə mümkün təsirlərini ümumiləşdirərək qeyd etmək olar ki, innovasiyaların tətbiqi ilə tullantıların azaldılması və idarə olunması ətraf mühitin mühafizəsini təmin etmək və əhalinin rifah halının yaxşılaşdırmaqla gələcək nəsillərə daha dayanıqlı dünya miras buraxmağımıza xidmət etməkdədir.
Bununla belə, təkrar emalın faydalarını tam şəkildə həyata keçirmək üçün biz təkrar emal sistemlərinin səmərəliliyini və effektivliyini artıran innovativ təcrübələri qəbul etməliyik. Buraya təkrar emal proseslərini avtomatlaşdıra və optimallaşdıra bilən texnologiyaların tətbiqi, təkrar emal edilməsi daha asan olan yeni materialların və məhsulların hazırlanması, təkrar emal proqramlarında ictimaiyyətin məlumatlılığının və iştirakının artırılması daxildir.
Ümumilikdə təkrar emal davamlı inkişafa nail olmaq və dünyanın ən aktual ekoloji, sosial və iqtisadi problemlərinin həllində mühüm vasitədir. Yenilikçi təkrar emal təcrübələrini mənimsəməklə, özümüz və gələcək nəsillər üçün daha davamlı gələcək yarada bilərik.
Ülvi Həsənzadə
İqtisadiyya üzrə fəlsəfə doktoru namizədi, Azərbaycan Universiteti