Son illərdə Elektron hökumətin formalaşdırılması inkişaf etmiş ölkələrdə demokratiyanın daha da inkişaf etdirilməsi üçün əsas amillərdən biri hesab olunur. Müasir informasiya texnologiyalarından istifadə etməklə Elektron hökumət, Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, o cümlədən hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dövlət orqanları tərəfindən informasiya və elektron xidmətlərin göstərilməsi üçün şərait yaradır.
Bu təşəbbüsün əsas məqsədi sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və daha şəffaf etməkdir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş istifadəsi, onların sayının artırılması, keyfiyyətinin yaxşılaşdırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi bu məqsədə çatmağın vasitəsi kimi qəbul olunur.
Beynəlxalq təcrübəyə uyğun olaraq, elektron hökumət portalı “bir pəncərə” prinsipi əsasında təşkil edilir ki, bu da vətəndaşlar və dövlət orqanları arasında əlaqələrin daha səmərəli təşkil edilməsi məqsədilə dövlət orqanları tərəfindən e-xidmətlərin göstərilməsini nəzərdə tutur.
Bu layihənin məqsədi, elektron hökumətin elektron xidmətlərindən istifadə etməklə cəmiyyətə rəqəmsal savadlılıq təmin etməkdə dəstək olmaqdır.