2050-ci ilə qədər dünya əhalisinin sayının 9,7 milyard nəfərə çatacağı təxmin edilir ki, onların 68%-inin də şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.. Bu cür sıx məskunlaşmış ərazilərdə yaşayanların gələcək birgə yaşayışını təmin etmək üçün müasir şəhərlər üçün məsuliyyət daşıyanların həll etməli olduğu çoxsaylı problemlər var. Getdikcə daha çox insanın sıx olduğu yerlərdə yaşadığımız şəraitdə biz təmiz havaya malik olduğumuza və tullantıları azaldacağımıza necə əmin ola bilərik? Milyonlarla insan üçün mobilliyi necə asanlaşdıra bilərik? İnzibati strukturların mövcud olmasını və universal səhiyyənin olmasını necə təmin edə bilərik?
Həllərdən biri bugünkü şəhərlərin hərtərəfli “yenilənməsinə” nail olmaq üçün müasir texnologiyalardan istifadə etməkdir. Ağıllı şəhərlərin üstünlüklərini xəyal etməyən şəhərsalma mütəxəssisi nadir tapılar. Mütəxəssislər üçün ağıllı şəhər, artan əhali sıxlığına baxmayaraq, şəhər yerlərində yaşayanların davamlı, səmərəli və sosial harmoniyada birlikdə yaşamalarına imkan yaratmaq məqsədi ilə informasiya texnologiyaları və məlumatların həm mövcud, həm də yeni infrastruktur sistemlərinə inteqrasiyasını təmsil edir. Bəs gələcəyin şəhəri tam olaraq necə görünəcək? Hansı texnologiyalar artıq şəhər həyatını daha ağıllı edir? İnsanlar texnoloji cəhətdən dəyişdirilmiş bu şəhərlərə necə uyğunlaşacaqlar?
Bu suallara cavab tapmaq üçün “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqində vətəndaşlar iştirakçılığının təmini və maarifləndirmə işinin təşkili” adlı layihə həyata keçirilmişdir. Layihə inklüziv, insan mərkəzli ağıllı şəhər və ağıllı kənd infrastrukturunun qurulması üzrə ən yaxşı beynəlxalq təcrübələri araşdırmaq yolu ilə işğaldan azad edilmiş Şuşa şəhərinə (Azərbaycan) qayıdış prosesinə töhfə vermək məqsədi daşıyırdı
Layihə dörd mərhələdən ibarət idi:
- ən yaxşı təcrübələri araşdırmaq,
– aidiyyəti qurumlarla görüşlərin keçirilməsi, o cümlədən şuşalılar arasında sorğuların təşkili;
– tədqiqatın nəticələrini aidiyyəti qurumlara və vətəndaşlara təqdim etmək;
– məktəblilər arasında təlim və seminarların təşkili.
Layihənin nəticəsi olaraq “Ağıllı şəhər hamı üçün” adlı kataloq nəşr olunmuşdur. Bu kataloq “ağıllı şəhər”/”ağıllı kənd” konsepsiyasının tətbiqində ictimaiyyətin iştirakının təmin edilməsi üsulları ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və işğaldan azad edilmiş ərazilərdə tətbiqi üçün zəruri addımların müəyyən edilməsi məqsədilə hazırlanmışdır. Kataloqda qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı, Azərbaycanın işğaldan yenicə azad edilmiş mədəniyyət paytaxtı olan Şuşa şəhərinin sakinləri arasında keçirilən sorğunun nəticələri, eləcə də Şuşadan olan məktəblilər arasında keçirilən seminarın nəticələri yer alıb.
Kataloqun hazırlanması zamanı müvafiq konsepsiyanın həyata keçirilməsinə cavabdeh olan həm yerli, həm də xarici dövlət qurumları, bələdiyyələr, özəl şirkətlərlə görüşlər keçirilib. Ən müasir standartlar əsasında yenidən qurulan Hammarby Sjöstad rayonu, tikintisi davam edən yeni ağıllı şəhər Brunnshög rayonu və ən müasir həllərin tətbiq olunduğu İsveçin Stokholm, Malmö, Helsingborg və Lund şəhərləri. , Lund universiteti, “Ericsson” şirkəti və UNEP Kopenhagen İqlim Mərkəzi ziyarət edilmiş və mövzu ilə bağlı ən yaxşı təcrübələr öyrənilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Ağıllı şəhər”/”Ağıllı kənd” modelinin səmərəli həyata keçirilməsi üçün yalnız ən müasir standartlara cavab verən və ən son texnologiyanın köməyi ilə rəqəmsal həllər təklif edən yaşayış massivinin tikintisi yetərli deyil. Müasir texnologiyaların istifadəçisi olacaq şəhər/kənd sakinlərinin rəqəmsal bilik və bacarıqlarının artırılması, eyni zamanda onların şəhər/kənd quruculuğunda fəal iştirakının stimullaşdırılması müvafiq konsepsiyanın uğurla həyata keçirilməsi üçün ən mühüm amillərdəndir.