29.05.2023, Lund.
29.05.2023, Lund. Bu gün Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar İctimai Birliyinin (Birlik) İdarə heyətinin sədri Seymur Həsənov və İdarə heyətinin üzvü Hakimə Şirəlizadə İsveç Krallığının Lund universitetində baş tutan konfransda İdarəetmədə innovasiyanın tətbiqi - Təbiət əsaslı həllər (NBS) proqramının iştirakçılarıları qarşısında qonaq mühazirəçi qismində çıxış etmişdir. Konfransda “ağıllı şəhər” və “ağıllı kənd”lərdə vətəndaş iştirakçılığının təmin edilməsinin vacibliyi, vətəndaşların proseslərə cəlb edilməsinin metodları və təkliflərlə çıxış edilmişdir.
Eyni zamanda, vətəndaşların prosesə cəlb edilməsinin ən yaxşı təcrübələrinin mövcud olduğu İsveç və Danimarka nümunələri barədə ətraflı məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır . Həmçinin Azərbaycanda, xüsusilə Qarabağda müvafiq konsepsiya üzrə həyata keçirilən layihələr, ilk ağıllı kənd olan Zəngilan rayonunun Ağalı kəndi nümayiş etdirilmiş və kənddə həyata keçirilən BMT 17 Dayanıqlı İnkişaf Məqsədindən 14-ü üzrə görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. Bölgənin viran qoyulmuş və minalanmış ərazidən ən müasir həllərin tətbiq olunduğu “ağıllı” yaşayış məskəninə çevrilməsi vizual olaraq konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Təqdimat zamanı iştirakçıların da mövzu ilə bağlı müvafiq rəy və təklifləri dinlənilmişdir. İştirakçılardan biri vətəndaşların ağıllı şəhər və kəndlərin planlaşdırılması və inkişafı prosesinə daha aktiv formada cəlb edilməsini təklif etmiş, digər bir iştirakçı isə şəhərsalma prosesində yaşıl sahələrə üstünlük verilməsinin və təbii resursların qorunmasının vacibliyini vurğulamışdır. Vətəndaşların prosesə aktiv formada cəlb edilməsi və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi ilə müvafiq şəhər və kəndlərdə yaşamağa daha rahat uyğunlaşması üçün atılacaq addımlarla bağlı əlavə rəy və təkliflər də toplanmış və Birlik tərəfindən hazırlanmış araşdırma işinə əlavə edilmişdir.
Məlumat üçün qeyd edirik ki, Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən biridir. Birlik tərəfindən “Şuşaya qayıdış prosesinə dəstək məqsədilə “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) layihəsi uğurla həyata keçirilmiş, layihə çərçivəsində “ağıllı şəhər”/”ağıllı kənd” konsepsiyasının tətbiqində ictimai iştirakçılığın təmin edilməsinin metod və üsulları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə, xüsusilə İsveç və Danimarka təcrübəsi araşdırılmış, qeyd edilən konsepsiyanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiqi üçün zəruri addımların atılması üçün təkliflər hazırlanmışdır.
Leave A Comment