14.10.2022/Lund. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. İsveç Krallığına tədqiqat səfəri çərçivəsində Lund, Malmö və Helsinqborq bələdiyyələri. Görüşlər zamanı şəhər quruculuğunda iştirakın təşviqi istiqamətində həyata keçirilən layihələr və kampaniyalar müzakirə olunub. Malmö bələdiyyəsi uşaqların bu prosesdə iştirakına xüsusi diqqət yetirir. Belə ki, onların yaşadıqları şəhər haqqında fikirlərini sərbəst və əyləncəli şəkildə ifadə etmələri üçün oyun elementləri olan xəritələr tərtib edilib və uşaqların xəritələr üzərində müvafiq qeydlər aparmalarına imkan yaradılıb. Lund ətrafında 40.000 nəfər üçün tikilmiş Hammarbi şəhəri avtomobil paylaşma mexanizmi və tullantıların təkrar emalı texnologiyalarının tətbiqi baxımından olduqca unikaldır. Lund Universiteti isə şəhər/kənd inkişafının nəzəri əsaslarının öyrənilməsində, xüsusilə təbiətə əsaslanan innovativ həllərin tədqiqi sahəsində əsas akademik mərkəzlərdən biri hesab olunur. Eyni bölgədə yerləşən Helsinqborq şəhəri H22 (Helsingborg 2022) layihəsi əsasında Avropanın ən ağıllı şəhəri olmağı hədəfləyir. Layihə çərçivəsində təşkil olunan H22 sərgisi “ağıllı şəhər”də istifadə olunan yeniliklərin maraqlı tərəflərə təqdim edilməsi baxımından çox mühüm hadisə hesab edilməlidir. Layihə çərçivəsində Helsinqborq bələdiyyəsi sakinlərin iştirakını təmin etmək məqsədilə şəhərin maketinin yerləşdiyi və insanların öz rəy və təkliflərini bildirə biləcəyi xüsusi mərkəz təşkil edib. Daim toplanaraq təhlil edilən bu rəy və təkliflər şəhərsalmada daha keyfiyyətli həllərin həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir.