Posted by admin
04 oktyabr 2022, Stokholm.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin İsveç Krallığında səfərdə olan İdarə heyətinin üzvləri layihə planına uyğun olaraq, "Ağılll şəhər" / "Ağıllı kənd" konsepsiyasının tətbiqində vətəndaş iştirakçılığının təmin olunması ilə bağlı Skandinaviya modelinin araşdırılması məqsədilə görüşləri davam etdirir.
Stokholm üzrə "Əşyaların interneti" layihəsinin rəhbəri Maria Holm və "Ağıllı Stokholm" proqramının rəhbəri Klaes Yohannesson ilə keçirilən görüşdə "Ağıllı şəhər" quruculuğunda vətəndaş iştirakçılığının təmin olunması ilə bağlı İsveç, xüsusilə, Stokholm təcrübəsi müzakirə olunmuşdur.
İlk olaraq təlimlərin və vörkşoplar təşkili, həmçinin məktəbəqədər təhsildən başlayaraq İKT ilə tanışlığı nəzərdə tutan dərslərin tədrisi rəqəmsal bacarıqları inkişaf etdirən effektiv üsullar olaraq vurğulanmışdır. Qeyd edilmişdir ki, yaşlı və sağlamlıq imkanları məhdud şəxslərin İKT-dən istifadəsinin asanlaşdırılması məqsədilə texnologiyaların istifadəyə rahat dizaynı xüsusi olaraq nəzərə alınmaqdadır.
Bələdiyyə rəsmiləri tərəfindən o da bildirilmişdir ki, şəhərin 3D model olaraq virtual əksi olan "Stokholm otağı" və vebsayt vasitəsilə sakinlər şəhərin dizaynında iştirak edə, infrastrukturun təşkili ilə bağlı təkliflərlə çıxış edə bilərlər. Eləcə də, ictimai rəyi öyrənmək üçün təşkil olunan "Vətəndaş paneli" şəhər sakinlərini prosesdə aktiv iştiraka təşviq edir. Panelin təşkili şəhərin əsas maraqlı tərəflərindən olan sakinlərin rəy və təkliflərinin öyrənilməsinə hesablanmışdır.
Bələdiyyə rəsmilərinə Azərbaycanda son dövrlərdə "Ağıllı şəhər/kənd" quruculuğu sahəsində görülən mühüm işlər, xüsusilə, mövcud qabaqcıl təcrübə olaraq Zəngilan rayonunun Ağalı kəndində müvafiq konsepsiyanın uğurla icrası barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Şuşa şəhərinin də müvafiq konsepsiya əsasında yenidən qurulması zamanı nəzərə alınması zəruri olan məqamlar ətrafında fikir mübadiləsi aparılmışdır.
Tag :