Posted by admin
06 oktyabr 2022, Stokholm.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin İsveç Krallığında səfərdə olan İdarə heyətinin üzvləri layihə planına uyğun olaraq, "Ağılll şəhər" / "Ağıllı kənd" konsepsiyasının tətbiqində vətəndaş iştirakçılığının təmin olunması ilə bağlı Skandinaviya modelinin araşdırılması məqsədilə görüşləri davam etdirir.
Stokholm İdarəetmə Mərkəzinin prezidenti Yonas Tornblomla keçirilən görüş dağılmış infrastruktur üzərində "Ağıllı şəhər"in qurulması sahəsində təcrübənin öyrənilməsi istiqamətində olduqca faydalı olmuşdur.
Görüş zamanı son 30 il ərzində Stokholm şəhərində yerləşən Hammarby bölgəsinin dəyişimi, ən müasir texnologiya və innovasiyanın tətbiq edilməsi yolu ilə dirçəlişi ilə bağlı ətraflı məlumat verilmişdir.
Maraqlı tərəflərin əməkdaşlığı və düzgün koordinasiyası nəticəsində Hammarby hazırda avtomobil istifadəsinin istisna olunduğu, tullantıların enerjiyə çevrilməsinin təmin olunduğu "ağıllı" və dayanıqlı şəhər modelinin ən yaxşı nümunələrindəndir. Təsadüfi deyil ki, Hammarby təcrübəsi əsasında Çin Xalq Respublikasında da şəhər quruculuğu sahəsində inqilabi addımlar atılaraq eyni adlı "Hammarby" şəhəri qurulmuşdur.
Vətəndaş iştirakçılığına gəldikdə isə cənab Tornblom "Ağıllı şəhər"ə münasibətdə istəksiz, hətta bəzən əleyhdar olan şəxslərin müəyyənləşdirilərək şəhər quruculuğunda iştiraka təşviq edilməsi sözügedən sahədə ən böyük çətinliklərdən hesab olunur. Müasir texnologiyaların tətbiqilə bağlı skeptik yanaşma əksər hallarda məlumatsızlıqdan irəli gələn qeyri-müəyyənlik, nəticədə isə qorxu və narahatlıqla əlaqəlidir. Odur ki, şəhər quruculuğunun ilkin mərhələlərindən başlayaraq tətbiq olunacaq "ağıllı həllər" və onların təmin etdiyi üstünlüklər barədə vətəndaşların maarifləndirilməsi olduqca əhəmiyyətlidir.
Müxtəlif qruplara (yaş, təhsil səviyyəsi və s.) uyğun maarifləndirmə üsullarının müzakirəsindən sonra dayanıqlılığın təmin olunduğu Hammarby bölgəsinə gəzinti təşkil olunmuş, tətbiq olunan texnologiyalara yerində baxılaraq Şuşa şəhərində tətbiqi imkanları, həmçinin vətəndaşların şəhər infrastrukturunun dizayn olunmasına aktiv formada cəlb edilməsi üçün həyata keçirilən tədbirlər ətraflı təhlil edilmişdir.
Tag :