Posted by admin
11 oktyabr 2022, Kopenhagen.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin İdarə heyəti üzvlərinin Danimarkanın Kopenhagen şəhərində yerləşən regional ofisində Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri ilə görüşü baş tutmuşdur.
Birlik üzvləri BMT-nin Ətraf Mühit Proqramı (UNEP) kollektivi qarşısında işğaldan azad olunmuş ərazilərdə, xüsusilə, Şuşada həyata keçirilən infrastruktur layihələri, Ağdamın Baş Planı və bu istiqamətlərdə qurulan əməkdaşlıqlarla bağlı məlumatların yer aldığı təqdimatla çıxış etmişlər. Görüş zamanı nümunə olaraq ölkədə qurulan ilk ağıllı kənd - Zəngilan rayonunun Ağalı kəndi barədə də ətraflı məlumat verilmiş, kəndin əvvəlki və cari vəziyyətini əks etdirən fotolar iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd edilənlərlə yanaşı, işğaldan azad olunan ərazilərin daha dayanıqlı və “ağıllı” formada yenidən qurulması, bərpaolunan enerji istehsalı ilə bağlı həyata keçirilən layihələr xüsusi vurğulanmışdır.
Proqramın Enerji səmərəliliyi Departamentinin rəhbəri xanım Qabriela Prata Dias, ekspertlər Romanas Saviskas və Zoulun Çen tərəfindən isə bərpa və yenidənqurma işləri zamanı "ağıllı həllər"in yerli xüsusiyyətlər və əhalinin rəqəmsal savadlılıq səviyyəsi nəzərə alınmaqla tətbiqi üzrə BMT-nin digər ölkələrdəki (Çin, Hindistan, Argentina, Türkiyə və s.) təcrübələri Birlik üzvlərinin diqqətinə çatdırılmışdır.
Həmçinin, "ağıllı şəhər"in maraqlı tərəflərinin bilik, bacarıqlarının artırılması və proseslərdə iştirak təşəbbüslərinə dəstək məqsədilə təşkil olunan "Potensialın Gücləndirilməsi" ("Capacity Building") proqramları və bu sahədə məlumatların daha qısa və effektiv yolla paylaşılması üçün nəzərdə tutulan "Təlimçilər üçün Təlim" ("Train for Trainers") layihələrinin əhəmiyyətindən bəhs edilmişdir.
Görüşün sonunda BMT nümayəndələri Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində atılan addımları, xüsusilə, "ağıllı şəhər" və “ağıllı kənd” quruculuğu ilə bağlı təşəbbüsləri yüksək qiymətləndirdiklərini, bu sahədə təcrübə paylaşımına daim hazır olduqlarını ifadə etmişlər.
Tag :